Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və dələduzluqda təqsirləndirilən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İlk öncə şahid qismində Avropa İqtisadiyyat Məhkəməsinin hakimi, Azərbaycanda hüquqşunas kimi xidmət göstərən Rasim Orucov ifadə verib.
O, ifadəsində deyib ki, 2013-cü ildən zərərçəkmiş hesab edilən Eldəniz Axundovla (Şərurlu İsfəndiyar qardaşı oğlu) işləməyə başlayıb: “Mən Araz müəllimi yaxşı tanıyıram. Dəfələrlə görüşmüşük. Bilirdim ki, Araz müəllim Azərbaycana çox tələbatlı mallar gətirir, biznesmendir. Bizi Eldəniz müəllim tanış edib. Onu da bilirdim ki, Araz Eldənizdən külli miqdarda - 2 milyona manata yaxın pul almışdı. Pulu qaytaracağını bilirdik. Eldəniz müəllim dedi ki, get onunla görüş, pulu qaytarması üçün bir şey elə. Mən onunla görüşdüm. O, məni Sabunçuda evinə aparıb, evinin sənədlərini, özü və yoldaşının şəxsiyyət vəsiqələrini verdi. Səmimi olduğunü düşündüyümüz üçün hüquqi işlər görmədim. Dedik ki, normal adamdı, pul gələn kimi qaytaracaq. Bir müddət keçəndən sonra Araz müəllimlə görüşdüm. O, Eldəniz müəllimə olan borcu barədə iltizamı yazılı şəkildə mənə verdi. Mən bunu hüquqi müstəvidə sənədləşdirdim. Birlikdə notariusa getdik. Təhvil-təslimlə bağlı müqavilə imzaladıq. Orda Arazın Eldənizdən borc aldığını və tez bir zamanda qaytaracağı ilə bağlı müqavilə imzaladıq. Həmin idarədə onun vəzifə borcları və pulun məbləği izah olundu. Bir müddət keçəndən sonra onunla yenidən görüşdüm. Bu məbləğdə pulu nə etdiyini soruşdum, o isə mənə Eldənizdən aldığı pullarla əvvəlki borclarını, faizlərini qaytardığını bildirdi. Yaxın zamanlarda vəziyyətin yaxşılaşacağını dedi. Notariusda təhvil-təslim haqqında aktı onun yadına saldım ki, bu, hüquqi sənəddir. Verilən pulu vaxtında qaytarmalısan. Həmin akt 2014-cü il fevralın 6-da imzalanmışdı. Orda məbləğ 1 milyon 155 min manat göstərilmişdi”.
Rasim Orucovdan sonra ifadə verən Kənan Buludzadə əvvəllər Eldəniz Axundovun restoranı olan "Aqat" şadlıq evində nəzarətçi işlədiyini bildirib: "Mən indi xırda bizneslə məşğulam. O, zaman restoranda nəzarətçiydim. Bir gün rəhbərlik mənə zəng edib dedi ki, Araz müəllim ora gələcək, anbarın açarını ona ver. Mən də verdim. İçəridə mal varıydı. Həmin malları götürdü, axırda mənə bir qaimə verdi ki, bunu çatdırarsan. Anbarın açarı elə o vaxtdan Araz müəllimdə oldu. Anbardan nəsə lazım olanda zəng eləyib çağırırdım, gəlib açırdı. Həmin qaiməni məhkəməyə təqdim edirəm”.
Məhkəmə tərkibi sənədə baxıb. Təqsirləndirilən Araz Eyvazov qaiməni qəbul etməyib: "Burda nə mənim qolum var, nə də bu yazı mənim xəttimlə yazılıb”.
Məhkəmə həmin qaimənin sürətinin ekspertiziya göndərilməsi ilə bağlı qərar qəbul edib.
Şahid qismində AMEA-nın Arxelogiya və Etnoqrafiya İnistutunun elmi işçisi Şövqi Həsənov ifadə verib.
O, ifadəsində 2004-cü ildən həmin İnstitutda elmi işçi olduğunu bildirib: “Mən elmi işçiyəm, heç bir ticarətim yoxdur, vergi ödəməmişəm. Mən Arazı dostum Vüsal sayəsində tanımışam. Onlar biznes qurduqlarını bildirirdilər. Məni də bu işə cəlb etdilər. Birlikdə Eldəniz müəllimin yanına getdik. Danışdıq. Mənim işim gələn malların qiymətləndirilməsini çıxarıb, bazar qiymətinə uyğunlaşdırmaq olub. Başqa heç nədən xəbərim olmayıb. Qalan şeylərlə Araz məşğul olub. Vüsal da xarici ölkələrdən malları göndərib. 3 ay işləmişəm. Həmin dövrdə bircə dəfə Eldəniz müəllimlə İstanbula “Atlas” firmasına iş görüşünə getmişəm”.
Hakim Azad Məcidov şahidin təqsirləndirilən şəxslə birlikdə ittiham olunacaq qədər qanunsuz işlər gördüyünü bildirib.
Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.
Qeyd edək ki, prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir.
Araz Eyvazov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.