Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xəyal Ələkbərov, Nicat Ələkbərov və Elvin Mənsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Nicat Ələkbərov 3500 manat məbləğində cərimə olunub, haqqında başqa yerə getməmək barədə qərar çıxarılıb.
Xəyal Ələkbərovun barəsində olan həbs-qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqda qərar verilib. X.Ələkbərov 3500 manat məbləğində cərimə olunub. Onun 10 ay müddətinə həbsdə qalması nəzərə alınaraq cəzası 3 min manata endirilib və məhkəmə zalından azadlığa buraxılıb.
Elvin Mənsimov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. O bununla yanaşı 1810 manat cərimə olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2014-cü ilin aprelin 13-də Arif Yunisovun evindən qızıl oğurlayıblar.
N.Ələkbərov Cinayət Məcəlləsinin 177-ci (oğurluq), X.Ələkbərov və E.Mənsimov 177 və 32-ci (cinayətin törədilməsinə məsləhət vermək ) maddələri ilə təqsirləndiriliblər.