Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinərək həbs edilən bacılar Fatma Dadaşzadə və Xatirə Fərzəliyeva birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Lent.az-ın məlumatına görə, bacılar Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə razılaşmayaraq, hökmün dəyişdirilməsini tələb edirlər. Şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin barəsində keçən il yanvarın 8-də cinayət işi başlanıb. Cinayət işinin istintaqını İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi aparıb.
İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fatma Dadaşzadə və Xatirə Fərzəliyeva cinayət məsuliyyətinə cəlb edilib. İstintaq zamanı onların bir qrup şəxslə cinayət əlaqəsinə girərək cinsi istismar məqsədilə Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparması faktı aşkar olunub. İstintaq dövründə təqsirləndirilən şəxslərin barəsində həbs qəti imkan tədbiri seçilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə F. Dadaşzadə və Xatirə Fərzəliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalındaca həbs ediliblər.