Dövlət Sərhəd Xidmətinin əməkdaşları son günlər 1200 kiloqram yabanı halda bitən çətənə kolu yandıraraq məhv edib, 52 kiloqram 880 qram narkotik vasitənin, 3240 ədəd psixotroptərkibli həblərin və 42 kiloqram 165 qram dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Qurumun mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, iyunun 12-də saat 3:50-də Yardımlı rayonu, Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 3 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq ərazinin qayalıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar. Sərhəd pozucularının təqibi zamanı 1 nəfər naməlum şəxsin havanın qaranlıq olmasından istifadə edərək yaxınlıqdakı yaşayış məntəqəsinə doğru qaçması müşahidə olunub. Hazırda həmin şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üzrə axtarış tədbirləri davam etdirilir.
Həmin ərazi dərhal qapadılaraq keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində qayalıq və sıx kolluqların arasında gizlədilən 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəyə (1 kq “tiryək”, 7 kq 800 qr “marixuana”) bənzər maddələr, 700 ədəd psixotrop tərkibli “metadon-40” həbi və 42 kiloqram 165 qram müxtəlif növ dərman preparatları aşkar olunaraq götürülüb.
İyunun 19-da saat 18:30-da Biləsuvar rayonunun 8 saylı qaçqın qəsəbəsinin yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə yulğun ağacının altında gizlədilmiş 2 ədəd bağlama içərisində təxmini çəkisi 24 kiloqram 200 qram narkotik vasitəyə (23 kq 700qr “marixuana”, 400 qr “heroin”, 100 qr “metamfetamin”) bənzər maddələr və 1200 ədəd “preqabalin” həbi aşkar olunaraq götürülüb.
İyulun 4-də saat 11:00-da “Xaş-Xaş-2022” şərti ad altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zəngilan rayonunun Bürünlü kəndinin sərhəd xəttinə yaxın olan ərazisində yabanı halda bitmiş narkotik xassəli 1713 ədəd ümumi çəkisi 1200 kiloqram yabanı halda bitmiş çətənə kolları yerli şəhər polis şöbəsi əməkdaşlarının, ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə toplanılaraq, komision şəkildə yandırılma yolu ilə məhv edilib.
İyulun 7-də saat 0:15-də Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 1 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi qapadılıb və sərhəd pozucusunun təqibinə başlanılıb. Sərhəd naryadı “Dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçı əlindəki bağlamanı yerə ataraq havanın qaranlıq, ərazinin isə sıx kolluq və qamışlıq olmasından istifadə edərək geriyə İran istiqamətinə qaçıb.
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd qara rəngli bağlamanın içərisində ümumi çəkisi 4 kiloqram 355 qram narkotik vasitəyə (1 kq 335 qr “tiryək” və 3 kq 20 qr “marixuana”) bənzər maddələr aşkar olunaraq götürülüb.
İyulun 8-də saat 14:00-da Astara rayonu, Hamuşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, ərazi qapadılıb, sərhədboyu zolağ və nəzarətedici vasitələr yoxlanılaraq sərhəd axtarışına başlanılıb.
Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saat 17:30-da Astara rayonu, Diquli kəndi yaxınlığında 3 nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan naməlum şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Onların Ağstafa rayon sakini 30 yaşlı Musayev Famil Nəcəf oğlu, Bakı şəhər sakini 30 yaşlı Ağalarov Mirəli Ramiq oğlu və Füzuli rayon sakini 24 yaşlı Əliyev Asər Habil oğlu olmaları müəyyənləşdirilib. Üzərlərindəki 2 ədəd bel çantasına baxış zamanı təxmini çəkisi 6 kiloqram 625 qram narkotik vasitə “marixuana”ya və 1340 ədəd psixotrop tərkibli “metadon-40” həbinə bənzər maddələr aşkar olunaraq götürülüb.
Araşdırma zamanı qeyd olunan şəxsləri qarşılamaq və onlara qaçaqmalın daşınmasında köməklik etmək məqsədilə sərhədboyu əraziyə gələn ağ rəngli “Niva” markalı avtomobilin sürücüsü Tovuz rayon sakini 26 yaşlı Məmmədov Vüqar Məhəmməd oğlu və onu müşayiət edən Qobustan rayon sakini 28 yaşlı Mansurlı Nicat Dədəxan oğlu müəyyənləşdirilərək Diquli kəndi yaxınlığında saxlanılıblar.
İyulun 11-də saat 13:15-də Zəngilan rayonu, Vejnəli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edərək, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sahibsiz halda kolluqluqların arasında gizlədilmiş 1 ədəd ağ bağlamanın içərisində təxmini çəkisi 8 kiloqram 900 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.